Tükürpədici açıqlama: Azərbaycanda klub rəsmiləri legioner futbolçunu döyüblər?


Vaxtı ilə Azərbaycanda – “Olimpik” (indiki “Şüvəlan”) klubunda forma geyinmiş Domaqoy Kosiç Xorvatiya mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, xorvat futbolçu Bakı klubunda yaşadığı tükürpədici olay barədə danışıb:

“Azərbaycana gedəndə klub rəhbərliyi bizə çox şey söz verdi. Sonradan kim onları qane etmədisə, sənədlərini qaytardılar və dedilər ki, sizin üçün icazə ala bilmədik. İstədikləri futbolçuların pasportlarını götürdülər və icazə alındığını bildirdilər. Onların arasında mən də var idim.

Çempionat başlayana qədər müqavilə bağlamalı idik. Lakin bizə vəd olunan məbləğdən az pul verdilər və dedilər ki, müqaviləyə qol çəkməlisiz, yoxsa sənədlərinizi qaytarmayacağıq. Əvvəlcə çempionatda hər şey yaxşı gedirdi. Nəticələr pisləşəndə isə müqavilələrin etibarsız olduğunu dedilər. 

Ən pis hadisə isə məşqlərin birində baş verdi. Semyon Miloşeviç son oyunda qırmızı vərəqə aldığı üçün məşqdə üzr istədi. Amma klub rəsmilərindən biri onun üzrxahlığını qəbul etmədi və yumruqla başından vurdu. Sonra isə yanındakılar da ona qoşuldular və oyunçunu döyməyə başladılar. Çox qorxulu mənzərə idi. Hadisənin üstündən bir neçə gün keçməsinə baxmayaraq, hələ də nə baş verdiyini anlamaqda çətinlik çəkirdim. Həmin an bir fikrim var idi: Azərbaycandan qaçmaq. Baş vermiş hadisədən çox qorxmuşdum”.

Kosiç 2005-2006-cı illərdə “Olimpik”də forma geyinib.

Komanda.az-ın qeydi: Keçmiş futbolçunun açıqlaması kifayət qədər ağır və dəhşətlidir. Həmin dövrdə “Olimpik” klubunda işləmiş istənilən şəxsin açıqlamasını verməyə hazırıq. Ortada yetərincə ciddi ittiham var və bu ittiham təkcə bir klubun deyil, ölkənin də nüfuzuna zərbədir.